REGİONLAR
Abşeron rayonunun məzunları ali məktəbə qəbulda yüksək nəticələr göstəriblər
Xırdalan, 12 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunun təhsil sistemində daha bir tədris ili uğurla yekunlaşıb. Ötən tədris ilində rayonda 39 ümumtəhsil müəssisəsi fəaliyyət göstərirdisə, bu il onların sayı 40-a (onlardan 38-i tam, 1-i ümumi orta məktəb, 1-i məktəb-lisey) çatıb. Bu məktəblərdə 3822 nəfər müəllim 53 007 nəfər şagirdin təlim-tərbiyəsi ilə məşğul olub. 2017-2018-ci tədris ilinin əvvəli ilə müqayisədə müəllimlərin sayında 205 nəfər azalma, şagirdlərin sayında 3180 nəfər artım müşahidə olunub. Yeni tədris ilindən Mehdiabad qəsəbəsində 1200 yerlik yeni məktəbin açılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu rəqəmlər Xırdalanda Abşeron rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransında səsləndirilib. Rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova qeyd edib ki, bu il 2060 məzun olub. Onlardan 59-u fərqlənmə attestatı alıb. 1754 məzun sənədlərini ali məktəbə qəbul komissiyasına təqdim edib. Abituriyentlərin 1306 nəfəri, yəni 74,4 faizi tələbə adını qazanıb. Ali məktəblərə qəbul imtahanlarında 600 və daha çox bal toplayan tələbələrin sayının artdığın bildirən N.Məmmədova 95 nəfərin yüksək nəticə əldə etdiyini vurğulayıb. Xüsusilə qeyd edib ki, rayonda üç ildir ardıcıl olaraq məzunlar ali məktəblərə qəbul zamanı 700 bal toplayırlar. Ötən dərs ilində 1 nəfər olduğu halda, bu il 2 nəfər - Xırdalan şəhər 9 nömrəli və Ceyranbatan 1 nömrəli tam orta məktəbin məzunları Elgün Zamanlı və Rüstəm Qarayev ali məktəbə ən yüksək balla qəbul ediliblər. Tələbələrin bir qismi Bakı Mühəndislik Universitetini seçib.
Ali məktəb tələbəsi adını yüksək balla qazanan gəncləri təhsil nazirinin müavini Firudin Qurbanov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov təbrik ediblər. Tələbələrə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.