REGİONLAR
Abşeron rayonunun rəhbərliyi Məmmədli kəndində vətəndaşlarla görüşüb
Xırdalan, 2 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda səyyar vətəndaş qəbulları keçirilir. Məmmədli kəndində reallaşan növbəti səyyar qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının və digər xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, rayonda həyata keçirilən infrastruktur layihələrindən, qısa müddət ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən ətraflı məlumat verən rayon icra başçısı bütün bunlarla yanaşı, rayonun kənd və qəsəbələrində əhalinin artımı ilə əlaqədar müəyyən problemlərin yarandığını, onların dövlət strukturlarının daim diqqət mərkəzində saxlanıldığını, araşdırıldığını və həlli istiqamətində addımların atıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra çıxış edən sakinlər kənddə bir sıra məsələlərin həll edilməsində köməklik göstərilməsini xahiş ediblər.
Səyyar qəbulda sakinlərin söylədikləri istək və təkliflər həssaslıqla dinlənilib, qaldırılan məsələlər araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib.