REGİONLAR
Abşeron rayonunun yaradılmasının 55 illiyi münasibətilə ağacəkmə aksiyaları davam edir
Xırdalan, 8 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunun yaradılmasının 55 illik yubileyi ərəfəsində rayonda bir sıra tədbirlər həyata keçirilir. Yubiley planı çərçivəsində Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon ərazisində ağacəkmə aksiyaları keçirilir.
AZƏRTAC xəbər verir ki, növbəti ekoloji aksiya Xırdalan şəhərindəki Abşeron Olimpiya Kompleksinin həyətində keçirilib. Budəfəki aksiyaya “Qarabağ qaziləri” ambutant futbol federasiyasının üzvləri da qoşulublar. Onlarla bərabər, rayonun gənc fəallarının iştirak etdikləri aksiyada ətraf ərazi tullantılardan təmizlənib, mövcud olan yaşıllığa aqrotexniki qulluq göstərilib, 100-ə yaxın xan çinarı əkilib. Aksiyanın məqsədi gənc nəsil arasında ətraf mühitin qorunması, ekoloji tərbiyənin gücləndirilməsi və təbiətə qayğı hissi aşılamaqdır.
Abşeron rayonunda yaşıllaşdırma işləri çərçivəsində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhəri, Hökməli–Qobu, Novxanı-Binəqədi, Digah-Mehdiabad, Bakı-Şamaxı və Bakı-Sumqayıt avtomobil yollarının Abşeron rayon ərazisindən keçən hissələrində təkcə bu il ərzində 20 min alyandr,15 min xan çinarı, 12 min şam ağacı, 6 min zeytun, 8 min meyvə ağacları əkilib. Ümumilikdə, cari il ərzində rayonun kənd və qəsəbələrində 61 min ağac və gül kolları əkilib.