ELM VƏ TƏHSİL
“Abşeron regionunda mineral xammaldan istifadənin səmərəliliyi” monoqrafiyası çap olunub
Bakı, 7 dekabr, AZƏRTAC
AMEA-nın İqtisadiyyat İnstitutunun regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri şöbəsinin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Nəsimi Əhmədovun “Abşeron regionunda mineral xammaldan istifadənin səmərəliliyi” monoqrafiyası çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, nəşrin elmi redaktoru iqtisad elmləri doktoru, professor Rəna Sultanova, rəyçiləri iqtisad elmləri doktoru, professor Hacıağa Rüstəmbəyov və coğrafiya elmləri doktoru, professor Tapdıq Həsənovdur. Monoqrafiyada ilk dəfə Abşeron iqtisadi regionunda sənayenin inkişafında mineral-xammal sərvətlərindən istifadənin səmərəliliyinin artırılması istiqamətində nəzəri və praktiki məsələlər kompleks şəkildə tədqiq edilib. Əsərdə sənayenin inkişafında təbii sərvətlərdən istifadənin nəzəri-metodoloji əsasları, mineral-xammal sərvətlərinin iqtisadi qiymətləndirilməsinin əsas xüsusiyyətləri, qloballaşma şəraitində neft-qaz sərvətlərindən istifadənin dünya mineral-xammal bazarının formalaşmasına təsiri araşdırılıb. Bundan əlavə, Abşeron iqtisadi regionunda mineral-xammal təmayüllü sənayenin inkişaf meyilləri göstərilib, neft-qaz və mineral-tikinti xammal sərvətlərindən istifadənin müasir vəziyyəti təhlil edilib. Monoqrafiyada regionun ekoloji renta göstəricisi müqayisəli şəkildə qiymətləndirilib, mineral-xammal sərvətlərindən istifadənin səmərəliliyinin artırılması və perspektiv inkişaf istiqamətləri müəyyənləşdirilib, elmi cəhətdən əsaslandırılmış təkliflər irəli sürülüb.
Monoqrafiya elmi işçilər, doktorantlar, ali məktəb müəllimləri, tələbələr, tədqiqatçılar, mütəxəssislər, təbii sərvətlərdən səmərəli istifadə məsələləri ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.