SİYASƏT
Abşeronda Ağsaqqallar Şurasının konfransı keçirilib
Bakı, 5 iyul, AZƏRTAC
İyulun 5-də Abşeron rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Respublika Ağsaqqallar Şurası sədrinin müavini, Milli Məclisin deputatı Eldar İbrahimov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və rayon ağsaqqalları iştirak ediblər. İştirakçılar, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər.
Konfransda çıxış edən deputat Eldar İbrahimov bildirib ki, Azərbaycan düşmən üzərində Qələbə qazandıqdan sonra işğaldan azad edilən torpaqlarımızda böyük həcmli bərpa-quruculuq işləri aparılır. Qeyd edilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində soydaşlarımız öz dədə-baba yurdlarına gözlənildiyindən daha tez qayıdacaqlar. Bu istiqamətdə sürətli işlərin görüldüyünü, bütün lazımi tədbirlərin reallaşdırıldığını, zəruri addımların atıldığını bildirən deputat əlavə edib ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv seçildikdən və quruma sədrlik etdikdən sonra böyük nailiyyətlərə nail olunub. Belə ki, hazırda rəsmi Bakının təklifi ilə Hərəkatın Parlament Şəbəkəsi yaradılır. Bu da ölkələr arasında əlaqələrin daha da inkişaf etməsinə səbəb olacaq.
Sonra Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayevin hesabat məruzəsi dinlənilib. Məruzəçi rayon ağsaqqallarının respublikamızın qazandığı Zəfərin, torpaqlarımızın işğaldan azad olunmasının geniş təbliğ olunmasında iştirak etdiyini və bu istiqamətdə əllərindən gələni əsirgəmədiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycanın 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbədən, Ordumuzun göstərdiyi şücaətdən danışıb. İcra başçısı bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu və uzaqgörən siyasəti, iradəsi, qətiyyətli qərarları sayəsində xalqımız düşmən üzərində tam Zəfər qazanaraq öz dədə-baba torpaqlarına qovuşub. Bununla da 30 illik Vətən həsrətinə, düşmən işğalına son qoyulub.
Abşeron rayonunda görülən işlərdən və bundan sonra həyata keçirilməli olan layihələr barəsində söz açan icra başçısı əhalinin sürətli artımı nəticəsində rayon ərazisində ortaya çıxan məsələlər barəsində ətraflı məlumat verib. Rayonun problemlərinin dərindən araşdırıldığını vurğulayan Abdin Fərzəliyev onların həlli istiqamətində təkliflərin hazırlandığını qeyd edib.
Sonra çıxış edən ağsaqqallar hesabatı məqbul hesab edib.
Tədbirin sonunda xatirə şəkli çəkilib.