REGİONLAR
Abşeronda koronavirus pandemiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilib
Xırdalan, 1 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonunda koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, rayon ərazisində koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq üçün qabaqlayıcı profilaktik tədbirlər ciddi şəkildə həyata keçirilir. Yaradılan mobil qruplar Xırdalan şəhərində, eləcə də rayonun kənd və qəsəbələrində sakinlərlə söhbətlər aparır, əhali karantin rejiminin tələbləri və davranış qaydaları barədə maarifləndirilir. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız zərurət yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilib.
Xırdalan şəhərinin küçələrində, inzibati idarələrdə, çoxmənzilli yaşayış binalarının həyətlərində və giriş qapılarında, eləcə də rayonun qəsəbə və kəndlərində sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri də davam etdirilib.