CƏMİYYƏT
Əbu-Dabidə keçirilən tədbirdə Azərbaycan həqiqətlərindən danışılıb
Bakı, 11 fevral, AZƏRTAC
Əbu-Dabi şəhərində keçirilən Ümumdünya Şəhər Forumunun 10-cu sessiyasında “Mədəniyyətləri innovasiyalar ilə əlaqələndirmək” mövzusuna həsr olunmuş dəyirmi masa təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, şəhərlərin mədəniyyəti və ümumilikdə inkişafına diasporun müsbət təsirini artırmaq məqsədilə rəhbərlik etdiyi qurum Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin Əhali Məskunlaşması üzrə Proqramı ilə sıx əməkdaşlıq edir. Diqqətə çatdırılıb ki, Ermənistanın təcavüzkarlığı nəticəsində Azərbaycanın yaşayış yerlərinin dağıdılması, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ölkəmizdə şəhərlərin inkişafına mənfi təsir edən amillərdəndir. Komitə sədri dövlətimizin uzun illərdir bu problemlərin həlli istiqamətində həyata keçirdiyi layihələr və Azərbaycandakı sosial evlər barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, iki ildən bir keçirilən bu tədbirə dövlət başçıları, nazirlər, şəhər merləri, akademiklər, qeyri-hökumət təşkilatlarının və digər qurumların təmsilçiləri daxil olmaqla 18 minədək iştirakçı qatılır.