REGİONLAR
“Əcdadlarımızı tanıyaq” layihəsində bu dəfə III Kalbalı xan Naxçıvanski yad olunub
Naxçıvan, 23 oktyabr, AZƏRTAC
Azərbaycan hərb tarixində özünəməxsus yeri olan general-mayor III Kalbalı xan bir sıra müharibələrdə iştirak edərək böyük şücaətlər göstərib və müxtəlif orden və medallara layiq görülüb. O, Vətənini ürəkdən sevən, onun yolunda hər cür çətinliklərə sinə gərən sərkərdə olub. Bu baxımdan III Kalbalı xan Naxçıvanskinin həyat və fəaliyyətini öyrənmək hər bir gəncin vətəndaşlıq borcudur.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Dövlət Texniki Kollecində “Əcdadlarımızı tanıyaq” layihəsi çərçivəsində III Kalbalı xan Naxçıvanskiyə həsr olunmuş tədbirdə səsləndirilib.
Bildirilib ki, 1891-ci il oktyabrın 20-də Naxçıvan şəhərində anadan olan, hərbi taktikanı və strategiyanı əla bilən Kalbalı xan Naxçıvanın erməni daşnaklarından müdafiə olunmasında böyük şücaət göstərib. Daşnak erməni quldurları ilə qəhrəmancasına vuruşan könüllü naxçıvanlı döyüşçülərin önündə gedən Kalbalı xan təslimolunmaz, məğlubedilməz Naxçıvan amalı ilə axıradək qəhrəmancasına döyüşüb. Ermənilərin bütün məkrlərinə igidliklə cavab verən Kalbalı xanın haqqında arxiv sənədlərində “Xalqın sevimlisi Kalbalı xan” yazılıb.
Sonra kollecin tələbələri III Kalbalı xan Naxçıvanskinin həyat və fəaliyyətinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim ediblər.