SİYASƏT
Aciz durumda olan Ermənistanın mülki əhalini hədəfə alması onun terrorçu dövlət olduğunu bir daha sübut edir
Bakı, 17 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC
Ermənistan 30 ildən artıqdır ki, Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirir. Faşist ideologiyasına xidmət edən bədnam qonşumuz Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlamaqla kifayətlənmir, daha çox cinayət istəyir. Düşmən mülki əhali ilə qəddarcasına rəftar edərək, terrorçuluqla, təxribat törətməklə məşğuldur. Ermənistanın hərbi təxribatları sentyabrın 27-dən başlayaraq daha da artıb. Ermənistan ordusu Azərbaycanın Gəncə, Mingəçevir şəhərlərini, Ağdam, Tərtər, Bərdə, Füzuli, Beyləqan və digər rayonlarını atəşə tuturlar. Raket və artilleriya zərbələri nəticəsində dinc sakinlər qətlə yetirilir, yaralanırlar. Ölən və yaralananlar arasında kiçikyaşlı uşaqlar, qadınlar da var.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Z.Məmmədov düşmənin növbəti dəfə Gəncəni hədəfə almasına diqqət çəkib. Bildirib ki, Ermənistan silahlı qüvvələrinin ilk dəfə Gəncəni raket atəşinə tutması nəticəsində 10 nəfər həyatını itirib, xeyli sayda yaralı var. Dünən gecə saatlarında da Gəncə şəhəri raket atəşinə məruz qaldı. Nəticədə 13 dinc sakin həyatını itirdi, 40-dan artıq insan yaralandı. Raket zərbəsinə tuş gələn evlər tamamilə dağılıb, dağıntılar altında qalan insanların xilasetmə işləri davam etdirilir. Azərbaycan Ordusunun döyüş meydanında uğurları ilə barışa bilməyən düşmən bunun heyfini dinc əhalidən çıxır. Gecə saatlarında yaşayış binasını bombardman etmək, dinc əhalini hədəf seçmək hansı çərçivəyə sığır?! Bu, bir daha Ermənistanın terrorçu dövlət olduğunu təsdiq edir.
Politoloq qeyd edib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı hərbi cinayət və dövlət səviyyəsində terror həyata keçirməklə vətəndaşlarımızın iradəsini sarsıtmaq, əhali arasında xof yaratmaq və bununla da öz çirkin məqsədlərinə nail olmaq cəhdləri tam iflasa uğradı. Azərbaycanın ikinci böyük şəhəri və yarım milyona yaxın əhalisi olan Gəncə şəhərinin yenidən raket atəşinə tutulması vətəndaşlarımızın mübarizə ruhunu, qələbə əzmini sındıra bilmədi, əksinə, onu daha da yüksəltdi.
O vurğulayıb ki, Azərbaycan Ermənistanın bu təxribat aktlarına, terrorçuluğuna susmayacaq, düşmən tərəfindən edilən təhdidlərə dözməyəcək. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz düşmənin layiqli cavabını verir və verəcək. Azərbaycan torpaqlarının işğalı ilə barışmayaraq mərdliklə mübarizə aparır. Ermənistan nə qədər gec deyil, işğal etdiyi torpaqları boşaltmalı və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Onsuz da gedişat onu göstərir ki, Azərbaycan gec, ya tez öz torpaqlarını işğaldan azad edəcək. Qarabağ Azərbaycandır!