QAN YADDAŞI


Əddis-Əbəbə Universitetinin kitabxanasına Xocalı soyqırımına, ölkəmizin tarixi və mədəniyyətinə dair kitablar təqdim olunub

Əddis-Əbəbə, 16 fevral, AZƏRTAC

Efiopiyanın və ümumiyyətlə, Şərqi Afrikanın ən böyük universitetlərindən biri hesab olunan Əddis-Əbəbə Universitetinin C.Kennedi adına kitabxanasına Azərbaycan Respublikasının Əddis-Əbəbədəki səfirliyi tərəfindən Xocalı soyqırımı, eləcə də ölkəmizin tarixi və mədəniyyəti barədə kitablar təqdim edilib.

AZƏRTAC xəbər verir ki, səfir Elman Abdullayev kitabxananın müdiri Mesfin Gezahegn Abera ilə görüşdə ölkəmizin müstəqilliyinin bərpasından başlayaraq bu günədək keçdiyi tarix barədə məlumat verib. O, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərinin dinc sakinlərinə qarşı soyqırımı törətdiklərini vurğulayıb.

Ermənistanın silahlı qüvvələrinin Xocalı şəhərinin sakinlərini, xüsusilə də qadınları, uşaqları və yaşlı insanları vəhşicəsinə qətlə yetirdiyini diqqətə çatdıran səfir bu cinayətin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədildiyini deyib. Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri hesab olunan bu soyqırımına beynəlxalq miqyasda siyasi və hüquqi qiymətin verilməsi üçün müxtəlif ölkələrin parlamentləri tərəfindən müvafiq qətnamələrin qəbul olunduğu qeyd edilib.

Kitabxananın müdiri M.G.Abera Azərbaycan səfirliyinin təqdim etdiyi bu kitabların ölkəmiz haqqında önəmli məlumatları öyrənmək baxımından həm Efiopiyanın, həm də universitetdə təhsil alan digər Afrika ölkələrinin tələbələri üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirib. O, bu kitabların yaxın zamanda artıq 1 milyon 200 min kitabın yerləşdirildiyi universitetin elektron kitabxanasına yüklənəcəyini və tələbələrin həm kitabxana, həm də internet vasitəsilə bu kitablarla tanış olmaq imkanını əldə edəcəklərini söyləyib.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əddis-Əbəbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.