ELM VƏ TƏHSİL
Ədəbiyyat İnstitutu il ərzində İmadəddin Nəsimi ilə bağlı 10-dan çox kitab çap etdirib
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu il ərzində İmadəddin Nəsimi ilə bağlı 10-dan çox kitab çap etdirib.
AZƏRTAC xəbər verir ki, bu, institutun 2019-cu il üzrə illik elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatında yer alıb. Hesabatda bildirilir ki, kitablar Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında 2018-ci il 15 noyabr və ölkəmizdə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında 2019-cu il 11 yanvar tarixli sərəncamlarına uyğun olaraq hazırlanıb. Akademik İsa Həbibbəylinin “Cahana sığmayan Azərbaycan şairi”, “Böyük Azərbaycan şairi İmadəddin Nəsimi” (kollektiv monoqrafiya), Fəridə Əzizovanın “İmadəddin Nəsimi orta əsr mənbələrində və ədəbiyyatşünaslıqda”, “İmadeddin Nasimi v srednevekovıx istoçnikax i literaturovedeniye”, “Imadeddin Nasimi in Medival Sources and Literary Criticism” və “İmadəddin Nəsimi: tədqiqlər, məqalələr, məruzələr”, Qəzənfər Paşayevin “Nəsimi: edamdan sonrakı həyat”, “İmadəddin Nəsimi. İraq Divanı” və “İmadeddin Nesimi. Irak Divanı”, Mahirə Quliyevanın “Nəsimi və söz”, Firudin Qurbansoyun “İmadəddin Nəsimi. Həyatı və yaradıcılığı” kitabları bu qəbildəndir. Bundan başqa, Bolqarıstanın paytaxtı Sofiyada İmadəddin Nəsiminin bolqarca seçilmiş şeirləri akademik İsa Həbibbəylinin “Ön söz”ü ilə çap olunub və təqdimatı keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən İmadəddin Nəsiminin seçilmiş əsərləri akademik İsa Həbibbəylinin “Ön söz”ü ilə yenidən nəşr edilib.