Ədəbiyyat İnstitutunda Elm Günü ilə bağlı məktəblilərlə görüş
AzerTAg.az
Bakı, 27 mart, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Elm Günü ilə bağlı məktəblilərlə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə Bakı şəhəri Nizami rayonu 70 saylı məktəbin müəllim və şagirdləri iştirak ediblər. İnstitutun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı AMEA-da və Ədəbiyyat İnstitutunda görülən işlərlə bağlı qonaqlara məlumat verib. Görüşdə Uşaq ədəbiyyatı şöbəsinin əməkdaşları Mətanət Vahid “Uşaqlara mütaliə mədəniyyətinin aşılanması” mövzusunda, Gülnar Qəmbərli isə “Mütaliə uşaqların tərbiyə vasitəsi kimi” mövzusunda məruzə ilə çıxış edib.
Uşaq ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Elnarə Akimova, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Şəfa Əliyeva, sədr müavini Orxan İsayev, şair İbrahim Yusifoğlu çıxışlarında şagirdlərin elm ocağı ilə tanış olmasının əhəmiyyətindən bəhs ediblər.
Şagirdlərin fəallığı ilə seçilən görüşdə onları maraqlandıran suallar cavablandırılıb. Məktəb direktorunun müavini Könül Mollayeva tədbirin təşkili üçün təşəkkür edib və bu cür görüşlərin şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını vurğulayıb.
Şagirdlər, həmçinin institutun kitabxanası ilə tanış olublar. Onlara müxtəlif kitablar hədiyyə edilib.




Xəbərin mətnində orfoqrafik səhv var