ELM VƏ TƏHSİL
Ədəbiyyat İnstitutunda pakistanlı professor Yusif Kuşk ilə görüş olub
Bakı, 22 iyul, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Yusif Kuşk ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan məlumat verilib. Bildirilib ki, görüşdən öncə Yusif Kuşk Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Pakistan Ədəbiyyatı Mərkəzi ilə tanış olub.
Görüşdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli ikitərəfli əlaqələrin inkişafından söz açıb: “Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan-Pakistan əlaqələrinin əsasını qoyub. Prezident İlham Əliyev isə Azərbaycan-Pakistan əlaqələrini bütün sahələrdə sürətlə inkişaf etdirir. Pakistan dövlətinin də eyni dərəcədə Azərbaycana münasibəti var. Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan dövlət Pakistan olmuşdur. Bizim bu tədbirlər Azərbaycan – Pakistan diplomatik əlaqələrinin 30 illiyinə həsr edilir”.
Akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatının tarixi, eləcə də Ədəbiyyat İnstitutunun fəaliyyəti və şöbələri haqqında məlumat verib. Həmçinin Şərqdə və türk-müsəlman dünyasında ilk dəfə Azərbaycanda yaranan janrlar barədə danışıb.
“44 günlük Vətən müharibəsində bizə ən çox kömək edən Türkiyə və Pakistan olub. Ölkə Prezidenti Qarabağa Böyük Qayıdış elan edib. Qarabağ yenidən qurulur, bu prosesdə də Türkiyə və Pakistan yaxından iştirak edir. Möhkəm siyasi əlaqə digər sahələrdə də əməkdaşlıq üçün rahat imkan yaradır. Biz elm sahəsində əlaqələri inkişaf etdirməyə maraqlıyıq. Urdu dilini öyrənmək üçün kurs təşkil etməyi planlaşdırırıq. Pakistanın ölkəmizdəki səfiri Bilal Haye və onun müavini Müəzzəm Əli də institutumuzda olub. Pakistan ədəbiyyatına aid kitablarımız çap edilib. Bunlardan Eynulla Mədətlinin “Pakistan: qısa tarixi-siyasi oçerklər”, “Dünya ədəbiyyatı” dərgisinin Pakistan sayı, Məhəmməd İqbalın “Seçilmiş əsərləri”, Bəsirə Əzizəlinin “Məhəmməd İqbal: eşq və düşüncə şairi” kitablarının təqdimatını keçirmişik. Lahor Dövlət Kollec Universitetinin nümayəndə heyəti ilə akademiyaya görüş keçirilib. Pakistanda Azərbaycan ədəbiyyatı tarixinə aid kitab çap olunmasını istərdik. Biz də Pakistan ədəbiyyat tarixinə aid kitab çap etməyi düşünürük. Birgə tədqiqatlar aparıb, konfranslar keçirə bilərik”, - deyə İsa Həbibbəyli bildirib.
Akademik İsa Həbibbəyli professor Yusif Kuşka Ədəbiyyat İnstitutunun “Fəxri dostu” diplomunu və bir sıra nəşrləri təqdim edib.
Sonra professor Yusif Kuşk təmsil etdiyi akademiyanın fəaliyyəti və tarixi haqqında geniş məlumat verib.
Urdu dili və ədəbiyyatı üzrə mütəxəssis Sofiya Kuşk isə xoş qarşılanma və ətraflı tanışlıqdan məmnun qaldıqlarını bildirib.