MƏDƏNİYYƏT
Ədəbiyyat Muzeyində Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan beynəlxalq konfrans işə başlayıb
Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 25-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Nizami Gəncəvi “Xəmsə”sinin Şərq-Qərb ədəbi-mədəni əlaqələri sistemində yeri və yaratdığı yeni istiqamətlər” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, hibrid formatda təşkil edilən beynəlxalq elmi konfrans dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunub.
Konfransın plenar iclasında çıxış edən Ədəbiyyat Muzeyinin baş direktoru akademik Rafael Hüseynov “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycanda və bir sıra ölkələrdə dahi mütəfəkkirin 880 illik yubileyinə həsr olunan müxtəlif tədbirlər keçirildiyini söyləyib. Dahi Nizaminin zəngin yaradıcılığı barədə məlumat verən akademik onun dünya miqyasında tanınmış mütəfəkkir olduğunu deyib, böyük Azərbaycan şairinin yubileylərinin hər zaman beynəlxalq səviyyədə qeyd olunduğunu vurğulayıb. Rafael Hüseynov dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində özünəməxsus yerə malik nadir şəxsiyyətlərdən olduğunu söyləyib, dahi şairin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsindən danışıb. Qeyd edib ki, Nizami özünün bu torpağa, bu dilə, bu mədəniyyətə bağlılığını bütün yaradıcılığında dönə-dönə ifadə edib.
Akademik bildirib ki, konfransın keçirildiyi bu muzey 1939-cu ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin Nizami Gəncəvinin anadan olmasının 800 illiyinə həsr olunmuş daimi sərginin - xatirə muzeyinin təşkili haqqında sərəncamına əsasən yaradılıb. Dahi şairin adını daşıyan bu muzey sonradan bütün Azərbaycan ədəbiyyatını əhatə edən bir muzeyə çevrilib.
Rafael Hüseynov Nizami Gəncəvinin azərbaycanlı mənşəyi, onun öz dövründə və sonrakı dövrlərdə həm Azərbaycan, həm də dünya ədəbiyyatına ciddi təsiri, dahi şairin həyat və yaradıcılığının müxtəlif alimlərin araşdırmalarındakı yeri, əsərlərinin tərcüməsi haqqında məlumat verib. Qeyd edib ki, 1941-ci ildə SSRİ məkanında Nizami Gəncəvinin 800 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi planı hazırlansa da, müharibənin başlanması bu planların həyata keçirilməsinə imkan verməyib. Şairin yubileyinin blokada şəraitində olan Leninqrad şəhərində Ermitajda Rusiya alimlərinin və ədəbiyyatşünaslarının iştirakı ilə qeyd edilməsi dahi Nizami yaradıcılığına göstərilən ehtiramın bariz nümunəsidir.
R.Hüseynov Gəncədə ömür sürmüş və yaradıcılıqla məşğul olmuş Nizami Gəncəvinin dünya ədəbiyyatı tarixində özünü yetişdirmənin mükəmməl örnəyi olduğunu diqqətə çatdırıb. Bildirib ki, şair öz yaradıcılığının miqyası, müraciət etdiyi mövzularla bütün dünya xalqlarının şairidir, bütün millətlər Nizami yaradıcılığında özünü tapa bilər: “Dünya ədəbiyyatının daha da zənginləşməsində mühüm rol oynayan Nizami Gəncəvinin unikallığı ondan ibarətdir ki, o, ardıcıllarını yetişdirdiyi bir məktəb yaradıb. Farsdilli, rusdilli, türkdilli və digər xalqların ədəbiyyatında Nizami Gəncəviyə yüzlərlə nəzirə yazılıb”.
Akademik dahi Nizaminin əsərlərini fars dilində yazmasına toxunaraq qeyd edib ki, həmin dövrdə ərəb və fars dilləri qloballaşmanın əsas göstəricisi olduğundan Nizami əsərlərini Azərbaycan dilində deyil, fars dilində yazmağa üstünlük verib: “Görkəmli mütəfəkkirin əsərlərini fars dilində yazması farsdilli ədəbiyyatın inkişafına öz müsbət təsirini göstərib və bu ədəbiyyatın içərisində Azərbaycan üslubunun formalaşmasında mühüm əhəmiyyət kəsb edib. Hələ XII əsrdə Hindistanda Nizamiyə nəzirələr yazılması məhz fars dilinin qovuşdurucu dil funksiyasını yerinə yetirməsi ilə bağlı idi”.
R.Hüseynov diqqətə çatdırıb ki, Nizami Gəncəvinin yaradıcılığının XIX əsrdən etibarən əsas Avropa dillərinə tərcümə olunması ilə Qərb mütəfəkkirləri onun əsərlərindən ilhamlanaraq cavablar yazmağa başlamış və XXI əsrdə dahi şairin əsərlərinin tərcümə olunduğu dillərin sayı getdikcə artmışdır. Nizaminin əsərlərində yaratdığı dünyanın, hər kəsin azad yaşadığı daha mükəmməl gələcəyin hələ çox uzaqlarda olduğunu bildirən muzey direktoru bu əsərlərin insanları daha mükəmməl cəmiyyət qurmağa təşviq etdiyini deyib.
Akademik dahi Nizaminin yubileylərinin bütün dövrlərdə gələcək nəsillər tərəfindən keçiriləcəyinə əminliyini ifadə edib, konfransın işinə uğurlar arzulayıb.
Konfransın ilk günündə dosent Əsmətxanım Məmmədova “Heç bitməyən Nizami sevdası”, professor Xəlil Yusifli “Axsitanın Nizamiyə məktubu. Yozum və həqiqət”, professor Şəfəq Əlibəyli “Nizami nəzmində rənglər palitrası (struktur - semantik və funksional aspektdə)”, filologiya elmləri doktoru, Şodimuxammad Sufizoda (Tacikistan) “Saqinamə janrının formalaşmasında Nizami Gəncəvinin rolu”, professor Qaziz Telebaev (Qazaxıstan) “Nizami Gəncəvi və Yusuf Balasaqunlunun fəlsəfi dünyası” və digər mövzularda məruzələr dinlənilib.
Üç gün davam edəcək konfransın Nizami Gəncəvi əsərlərinin tədqiqi, nəşri, tərcüməsi və incəsənət nümunələrində əksi mövzularını rəhbər tutan bölmə iclaslarında ölkənin ən müxtəlif elm, təhsil ocaqları ilə yanaşı, xarici ölkələrin tanınmış şərqşünas alimlərinin də məruzələri dinləniləcək.
Konfransda Nizami Gəncəvinin yaradıcılığına həsr olunan sərgi təşkil edilib, stendlər nümayiş olunub.