SİYASƏT
Adil Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İğdır valisi ilə görüşüb
Bakı, 22 may, AZƏRTAC
Mayın 22-də İğdır vilayətində səfərdə olan Milli Məclis sədrinin müavini Adil Əliyevin rəhbərlik etdiyini nümayəndə heyəti İğdır valiliyini ziyarət edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, İğdır valisi Hüseyn Engin Sarıibrahimlə keçirilən görüşdə Adil Əliyev ölkələrimiz arasında çoxillik münasibətlərdən, tarixi dostluqdan bəhs edib. Türkiyə və Azərbaycanın dostluğu və qardaşlığının həm tarixən, həm də müasir dövrdə qürurverici hadisələrlə zəngin olmasını, Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun 1918-ci ildə Azərbaycana gəlişi və yenicə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin taleyində misilsiz rol oynamasını qeyd edib.
Nuru Paşa başda olmaqla türk əsgərlərinin azərbaycanlı qardaşlarının imdadına yetişməsindən, Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Bakının və digər bölgələrimizin düşmənlərdən azad edilməsində həlledici rolundan danışan Milli Məclis sədrinin müavini bunu tariximizdəki dostluğumuzun ilk örnəklərdən biri kimi dəyərləndirib. Eləcə də, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə və Azərbaycan əsgərlərinin 1918-ci ildə Bakını işğaldan azad etməsinin 100 illiyi münasibətilə 2018-ci il sentyabrın 15-də paradda iştirak etmələrini bizim üçün olduqca dəyərli hadisə adlandırıb.
Prezident Ərdoğanın işğaldan azad edilmiş torpaqlarımıza və Şuşa şəhərinə səfər etmiş ilk xarici ölkə başçısı olmasını bildirən Adil Əliyev vurğulayıb ki, 2021-ci il iyunun 15-də Prezident İlham Əliyev və Prezident Ərdoğan Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini imzalamaqla faktiki müttəfiqliyimizi rəsmiləşdiriblər və münasibətlərimizdə yeni dövrün başlanğıcını qoyublar.
Görüşdə nümayəndə heyətinin üzvləri - Milli Məclisin deputatı Cəbi Quliyev, Naxçıvan Ali Məclisinin deputatı Hüseyn Bağırsoylu, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Adil İbrahimlinin atası Asəm İbrahimov və qazi Oruc Salmanov iştirak ediblər.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.