SİYASƏT
Adil Allahverdiyev: Azərbaycanda hakimiyyətlə xalqın birliyi xaricdə yaşayan azərbaycanlılar üçün qürur mənbəyidir
Ankara, 16 fevral, AZƏRTAC
Azərbaycanda xalqla hakimiyyətin birliyi xaricdə yaşayan azərbaycanlılar üçün qürur mənbəyidir. Prezident İlham Əliyevin Şamaxıda zəlzələdən zərər çəkən insanlarla görüşündə onlarla səmimi söhbətini və Real televiziyasına müsahibəsindəki fikirlərini dinləyəndə bir daha əmin oldum ki, ölkəmizin taleyi etibarlı əllərdədir və gələcəyi işıqlıdır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyədə yaşayan Azərbaycan əsilli professor Adil Allahverdiyev söyləyib. Azərbaycanın beynəlxalq aləmdəki mövqelərinin sürətlə möhkəmlənməsinin qürurverici olduğunu diqqətə çatdıran professor bildirib ki, ölkəmizdə hərtərəfli inkişaf mövcuddur. Bütün bunların əsasını ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası təşkil edir.
Professor deyib: “Hakimiyyətin mənbəyi xalqdır. Ulu öndər Heydər Əliyev hər zaman və hər yerdə əhali ilə təmasda olaraq xalqın problemlərini öyrənir, onların həllinə dair qərarlar verəndə xalqın gücünə arxalanır, Azərbaycan üçün taleyüklü layihələrə imza atırdı. Bu baxımdan Prezident İlham Əliyevin də bu siyasəti uğurla davam etdirməsi, yerlərdə sakinlərlə görüşməsi, onları dinləməsi, səmimi söhbətləri insanda böyük sevinc hissi yaşadır. Bəli, sabitlik olmayan yerdə nə inkişaf var, nə də təhlükəsizlik qoruna bilər. Bu sabitliyin zəmanəti iqtidarla xalqın birliyidir”.
Harada yaşamasından və işləməsindən asılı olmayaraq, hər bir azərbaycanlı, xüsusilə də ziyalılarımız, özünü azərbaycanlı sayan hər kəsin ölkəmizdə sabitliyin və inkişafın qorunması naminə fəal olmasının vacibliyini vurğulayan A.Allahverdiyev qeyd edib ki, bütün soydaşlarımız Azərbaycan üçün əlindən gələni etməli, birliyimizə, dövlətçiliyimizə qarşı olan ünsürlərə yerində və tutarlı cavab verməlidir. Fəxr edirik ki, Azərbaycanda iqtidarla xalqın birliyi nümunəvi bir formuladır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara