CƏMİYYƏT
Ədliyyə Nazirliyinin İcra baş idarəsi və Banklar Assosiasiyası qarşılıqlı fəaliyyətin inkişafını müzakirə ediblər
Bakı, 4 fevral, AZƏRTAC
Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəhbərliyi ilə Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyəti arasında görüş keçirilib.
Assosiasiyadan AZƏRTAC-a bildiriblər ki, nazirliyin İcra baş idarəsinin rəisi - baş icra məmuru Nurəddin Mustafayevin və digər məsul şəxslərin, ABA-nın prezidenti Zakir Nuriyevin, Rəyasət Heyəti üzvlərinin iştirak etdikləri görüşdə icra prosesinin təkmilləşdirilməsi, icrada olan işlərin icrasının sürətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.
Həmçinin “Elektron icra” informasiya sistemi haqqında təqdimat keçirilib. Təqdimat zamanı icra prosesinin rəqəmsal texnologiyalardan istifadə etməklə təkmilləşdirilməsi və asanlaşdırılması üzrə görülən və qarşıda duran işlər, habelə hazırlanmaqda olan icra sahəsində vahid normativ hüquqi aktın – “Azərbaycan Respublikasının İcra Məcəlləsi”nin layihəsi barədə məlumat verilib.
Görüşdə müzakirə olunan məsələlər üzrə işlərin davam etdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.