CƏMİYYƏT
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı mayın 11-də keçiriləcək
Bakı, 25 aprel, AZƏRTAC
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, qulluğa qəbulla bağlı elan olunmuş builki açıq müsabiqədə iştirak edən hüquqşünaslarla test yolu ilə ixtisas imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə mayın 11-də saat 10:00-da Azərbaycan Texniki Universitetinin idman sarayında (Bakı şəhəri, A.Sultanova küçəsi 13 ünvanında) keçiriləcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qeydiyyatdan keçmiş namizədlər “İmtahana buraxılış vərəqəsi”ni mayın 8-də və 10-da saat 09:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin inzibati binasından götürməlidirlər.
Buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün onlar imtahanın başlanmasına azı bir saat qalmış gəlməli, buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Həmin sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmır.
İmtahana hazırlıqla bağlı “Yaddaş kitabçası” nazirliyin internet səhifəsində “Qulluğa qəbul” bölməsində və qeydə alınan namizədlərin elektron kabinetlərində yerləşdirilib, habelə bu sənədlər nazirliyə müraciət edənlərə təqdim olunur.
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müraciət etmiş şəxslərin müsabiqəyə mükəmməl hazırlaşmalarına kömək göstərilməsi məqsədilə nazirliyin Ədliyyə Akademiyasında təşkil olunan ənənəvi kurslar hazırda da davam edir (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: (012) 493-71-31, Ədliyyə Akademiyası).
Qaydalara əsasən test imtahanının yekununa görə 55 və daha çox bal toplamış namizədlərin zəruri sənədlərini təqdim etməsi və onların yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək, qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.
Əlavə məlumatları nazirliyin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı mayın 11-də test imtahanının keçiriləcəyi Azərbaycan Texniki Universitetinin idman sarayına getmək üçün naviqasiya məlumatları nazirliyin internet səhifəsində yerləşdirilib.