DÜNYA
Adolf Hitlerin doğulduğu ev sökülə bilər
Vyana, 14 iyul, AZƏRTAC
Nasizm ideyasının banisi, Alman Nasional Sosialist Fəhlə Partiyasının sədri, 1933-1945-ci illərdə III Reyxin reyxskansleri və prezidenti Adolf Hitlerin doğulduğu ev Avstriya Nazirlər Kabinetinin müvafiq qərarı ilə sökülə bilər.
Avstriya dövləti A.Hitlerin doğulduğu binanın hazırkı sahibəsi ilə binanın istifadə təyinatı ilə bağlı uzun müddətdən bəri ortaq məxrəc əldə edə bilmədiyi üçün yeganə çıxış yolu kimi Braunau am İnn şəhərində yerləşən binanın müsadirəsi barədə qərar qəbul edib. Heç kimin yaşamadığı binaya görə mülkiyyətçiyə qanun çərçivəsində nəzərdə tutulmuş kompensasiya ödəniləcək.
Avstriyanın daxili işlər naziri Sobotka bu qərarı mətbuat üçün şərh edərkən bildirib ki, nazirlik tərəfindən təklif edilən binanın sökülməsi planı gələcəkdə neonasistlərin bu binadan pərəstiş obyekti kimi sui-istifadə etmələrinin qarşısını alacaq.
Bir çox tarixçi və ekspertlər isə mətbuatda çıxış edərək binanın sökülməsi əvəzinə həmin məkanda müasir tarix muzeyinin yaradılmasını, nasizm dövrü və A.Hitler şəxsiyyətinin gerçək üzünü açan pedaqoji-maarifləndirici layihələrin həyata keçirilməsini təklif ediblər.
Adolf Hitler 1889-cu il aprelin 20-də Braunau im İnn şəhəri, Salzburqer Vorstadt 15 ünvanında yerləşən XVII əsrə aid Bidermayer üslubunda tikilmiş binada dünyaya gəlib. 1892-ci ildə Almaniyanın Passau şəhərinə köçənədək onun ailəsi bu evdə yaşayıb. 1972-ci ildə Avstriya dövləti tərəfindən kirayə götürülən binada son illərdə heç kim yaşayıb və tikili heç bir təyinat üzrə istifadə edilməyib. Nasional-sosialist düşüncəsinin qorunması, təşviqi və yayılması təhlükəsinin qarşısını almaq məqsədilə binanın müsadirə edilməsi barədə qərar verilib. Bu qərar sentyabr ayında ölkə parlamenti tərəfindən formal olaraq təsdiq olunmalıdır. Bundan sonra 12 nəfərdən ibarət xüsusi komissiya binanın gələcək istifadə təyinatı ilə bağlı təkliflər hazırlamalıdır.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana