DÜNYA
Əfqanıstanda “Taliban” hərəkatının hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin səkkiz əməkdaşı həlak olub
Bakı, 29 iyul, AZƏRTAC
Əfqanıstanın şərqində “Taliban” hərəkatının nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin səkkiz əməkdaşı həlak olub, üçü isə yaralanıb.
AZƏRTAC Ariana News telekanalına istinadla xəbər verir ki, hadisə Nanqarhar əyalətində baş verib. Döyüşlər zamanı “Taliban” hərəkatının beş üzvünün də öldürüldüyü bildirilir.
Qeyd edək ki, Əfqanıstanda hökumət qüvvələri ilə kənd yerlərində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlər uğrunda döyüşlər aparan “Taliban” hərəkatı arasında qarşıdurma davam edir. 2020-ci il sentyabrın 12-də Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti ilə “Taliban” hərəkatı arasında başlayan sülh danışıqları hələlik heç bir nəticə verməyib. Bu il aprelin 14-də ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatlar tarixində ən uzun sürən xarici hərbi kampaniyaya çevrilən Əfqanıstandakı əməliyyatı başa çatdırmaq barədə qərar qəbul edib. “Taliban” hərəkatı isə xarici ölkə qoşunlarının Əfqanıstan çıxarılması fonunda bütün cəbhəboyu irimiqyaslı hücum əməliyyatlarına başlayıb.