ELM VƏ TƏHSİL


Afrikanın hüdudlarından kənarda müasir insanın ən qədim qalıqları tapılıb

Bakı, 11 iyul, AZƏRTAC

Alimlər Afrikanın hüdudlarından kənarda müasir insanın ən qədim qalıqlarını tapıblar. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, onların qənaətinə görə, Yunanıstanda tapılan insan kəlləsinin 210 min il yaşı var. Həmin dövrdə indiki Avropanın ərazisində neandertallar yaşayıblar. Tədqiqatın nəticələri Nature jurnalında dərc edilib.

Əgər analizlər nəticəsində Yunanıstanın Apidima mağarasında tapılmış qalıqların yaşı təsdiq olunarsa, onda bu tapıntı Homo Sapiens (şüurlu insan) haqqında təsəvvürlərinin ciddi şəkildə korrektə olunması demək olacaq. Əvvəllər hesab edilirdi ki, müasir insanlar Afrikadan Avropada cəmi 45 min il əvvəl gəliblər.

Tyubingen Universitetinin paleontologiya fakültəsinin dekanı Katerina Harvati The Guardian qəzetinə müsahibəsində bildirib ki, bu tapıntı müasir insanların Afrikadan daha erkən vaxtlarda çıxmasının və Avropanın daha geniş ərazisinə yayılmasının sübutu olacaq. İndi bu qitənin hüdudlarından kənarda yaşayanların 60 min il əvvəl köç etdikləri ehtimal olunur. Avrasiya ərazisində məskunlaşan müasir insanlar neandertalları və denisov insanlarını sıxışdırıb assimilyasiya ediblər.

Lakin bu Afrikadan başlanan ilk miqrasiya olmayıb. 1990-cı illərdə İsrailin Kafzeh və Skul mağaralarında aşkar edilən insan qalıqlarının 90 mindən 125 minədək yaşı olub. Həmin vaxt alimlər belə qənaətə gəldilər ki, bu istisnadır və insanlar Afrikadan çıxmaq istəyiblər, ancaq bu, onların bəzilərinə müyəssər olub. Amma son bir neçə ildə məlum olub ki, Homo sapiens yeni əraziləri daha erkən araşdırmağa başlayıb və əvvəllər güman olunduğundan böyük məsafələr qət edib. Bu yaxınlarda paleontoloqlar Çində müasir insanın daşlaşmış qalıqlarını tapıblar. Onların yaşı 80 mindən 120 minədək ildir.

Bu tapıntıların DNT analizləri göstərib ki, Afrikadan gələnlərlə neandertallar arasında cütləşmə olub. İndiki Almaniyanın ərazisində məskunlaşmış neandertalların qalıqlarının analizi sübut edib ki, cütləşmə 319-460 min il əvvəl baş verib. Lakin bu prosesdə Homo sapiensin, yaxud Afrikada yaşamış başqa insan növünün iştirakı aydın deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.