ELM VƏ TƏHSİL


Ağ cırtdanın cazibə qüvvəsi qonşu ulduzun formasını dəyişib

Bakı, 13 iyul, AZƏRTAC

Astronomlar Əkizlər bürcündə qeyri-adi qoşa ulduz aşkar ediblər. Onlardan biri qonşunun cazibə qüvvəsinin təsiri altında damcı formasını alıb. Yetmiş milyon ildən sonra onlar qovuşacaq və nəticədə ifrat yeni partlayış baş verəcək. Tədqiqatın nəticələri “Nature Astronomy” elmi jurnalında dərc edilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatın müəliflərindən biri, Vorvik Universitetinin elmi işçisi İndqrid Pelisolinin fikrincə, ağ cırtdan qonşunun plazmasının onun səthinə birbaşa axması üçün kifayət qədər çox materiya uda bilər. Əgər bu baş verməsə, onda ulduzlar tədricən yaxınlaşacaq və qovuşacaq. İstənilən halda ifrat yeni partlayış baş verəcək.

Astronomlar öz enerji mənbələri olmayan, “yanmış” kiçik ulduzların nüvəsini ağ cırtdan adlandırırlar. Onlar Günəşdən on dəfədən çox ağır olmayan ulduzların ömrünün son mərhələsində meydana gəlir. Belə ulduzlar ifrat yeni formada partlamır, lakin öz xarici qabığını tullayır. Nəticədə dumanlıq yaranır, onu da əvvəlki nüvə içəridən “işıqlandırır”.

Ağ cırtdanların kütləsi Çandrasekar həddini ötə bilməz. Ona çatdıqda “yanmış” ulduzun nüvəsinin materiyası elə sıxlaşır ki, onun atomları mövcud olmur və neytron ulduza çevrilir. Ənənəvi olaraq hesab edilir ki, bu hədd Günəşin kütləsindən təqribən 1,44 dəfə çoxdur, lakin onun dəqiq qiyməti müəyyən edilməyib.

Demək olar, bütün ağ cırtdanlar həmin həddən çox uzaqdır. Lakin bu cür yanmış qoşa ulduzların, habelə ağ cırtdanın və adi ulduzun qovuşması nəticəsində həmin hədd üstələnir. Nəticədə birinci tip ifrat yeni güclü termonüvə partlayış baş verir və hər iki ulduzun, demək olar, bütün materiyası işığa və enerjiyə çevrilir.

Pelisoli və onun həmkarları yaxın vaxtlarda (astronomik hesablamalar üzrə) bənzər partlayış doğuracaq qoşa ulduz kəşf ediblər. Onlar Yer tipində ekzoplanet axtarışı üçün 2019-cu ildə buraxılmış TESS orbital teleskopunun göndərdiyi məlumatları araşdırıblar. Alimlərin diqqətini Yerdən 1,5 min işıq ili məsafəsində Əkizlər bürcündə yerləşən, işığı dövri olaraq artan və azalan HD265435 ulduzu cəlb edib. Bir qayda olaraq, belə dəyişmə adətən ulduzun ətrafında bir və ya bir neçə planetin olduğunu göstərir. Lakin budəfəki halda alimlər sözügedən ulduz sisteminin quruluşunun son dərəcə ekzotik xarakterini kəşf ediblər. Alimlərin fikrincə, işıqlanmanın gücündəki dəyişiklik onunla əlaqədardır ki, HD265435 bizim görə bilmədiyimiz ağ cırtdan və isti subcırtdandan ibarətdir. Pelisoli və həmkarları müəyyən ediblər ki, isti subcırtdanın forması ulduz üçün son dərəcə qeyri-tipikdir. O, ağ cırtdanın cazibə qüvvəsinin təsiri altında damcı formasında dartılıb. Alimlərin hesablamalarına görə, hər iki ulduz qravitasiya dalğalarının şüalanmasına görə enerjini itirdiyi üçün onlar arasında məsafə fasiləsiz olaraq azalacaq. Bu, 70 milyon ildən sonra onların qovuşmasına və kütləsi Günəşdən azı 1,65 dəfə çox olan yeni obyekt doğuracaq. HD265435 ulduz sistemini bu xüsusiyyəti onu Yerə ən yaxın birinci tip ifrat yeni “yaranış” edir. Gələcək tədqiqatlar ağ cırtdanların və isti subcırtdanların qovuşmasının belə partlayışları nə dərəcədə tez-tez doğurmasını başa düşməyə imkan yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.