CƏMİYYƏT
Ağasəlim Əliyev: Dövlətimizin başçısının humanist addımını şəhid ailəsi olaraq sevinclə qarşıladıq
Bakı, 19 dekabr, AZƏRTAC
“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına uyğun olaraq, şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi prosesi ardıcıl davam edir.
Şəhid Sənan Ağasəlim oğlu Əliyevin vərəsəsi olan oğlu Ağasəlim Əliyev AZƏRTAC-a müsahibəsində 11 min manat məbləğində birdəfəlik ödəməni aldığını vurğulayaraq deyib: “Dövlətimizin başçısının bu humanist addımını şəhid ailəsi kimi böyük sevinclə qarşıladıq. Bu, humanist addım şəhid ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə yanaşı, şəhidlərimizin xatirəsinə göstərilən yüksək diqqət və qayğının da bariz nümunəsidir. Bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə ailəmiz adından təşəkkür edirəm”.
Atasının Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda cəbhəyə könüllü yollandığını deyən A.Əliyev bildirib: “Atam Ağdam istiqamətində döyüşüb. O, 1993-cü il dekabrın 31-də qəhrəmancasına şəhid olub. Çox şadıq ki, ölkəmizdə şəhidlərimizin, o cümlədən mənim atamın da xatirəsi əbədiləşdirilib. Hazırda Xətai rayonunun Sarayevo küçəsində atamın adına bulaq var. Öz həyatını Vətən uğrunda qurban vermiş şəhid övladı kimi, mən də doğma Vətənimizin ərazi bütövlüyü uğrunda son nəfəsimə qədər döyüşməyə hazıram”.