REGİONLAR
Ağbulaq İstirahət Mərkəzində şagirdlər üçün təşkil olunan yay məktəbi başa çatıb
Şahbuz, 23 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində şagirdlərin yay tətilini mənalı keçirmələri üçün yay məktəbi təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, istirahət zamanı maarifləndirici tədbirlər, kino və sənədli filmlərin nümayişi, müxtəlif idman, bilik yarışları, rəsm müsabiqəsi, “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan ədəbiyyat nümunələrinin mütaliə və müzakirələrinin təşkili, “Tariximiz-irsimiz” mövzusunda diskussiya, muxtar respublikanın əsrarəngiz təbiəti ilə yaxından tanış olmaq və şagirdlərin ekoloji biliklərini artırmaq üçün müxtəlif gəzintilər təşkil edilib.
Yay məktəbinin yekununa həsr olunmuş tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova doğma diyarımızda təhsilə göstərilən dövlət qayğısından danışıb.
Yay məktəbi hər il olduğu kimi, bu il də şagirdlər tərəfindən rəğbətlə qarşılanıb.