REGİONLAR
Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay məktəbi” davam edir
Şahbuz, 9 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Naxçıvan Dövlət Texniki Kolleci, Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı tərəfindən Ağbulaq İstirahət Mərkəzində gənclərin növbəti “Yay məktəbi” təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə iştirakçılar intellektual oyunlar ilə öz biliklərini sınayıb, voleybol, futbol və stolüstü idman oyunları oynayıblar. Onlar “Girdab” bədii, “Dahi şəxsiyyət” və aprel döyüşlərindən bəhs edən sənədli filmlərə baxıblar. Həmçinin gənclərin “Şəfa” bulağına və Ağbulaq kəndi ərazisinə gəzintisi təşkil edilib. Onlar Şahbuz Rayon Mədəniyyət Şöbəsinin musiqiçiləri tərəfindən verilən konsert proqramına baxıblar. Gənclər hazırlanmış səhnəcikləri nümayiş etdirib, iştirakçılar arasında fotomüsabiqə keçirilib.
“Yay məktəbi”ndə fəal iştirak edən, fotomüsabiqədə və keçirilən yarışlarda qalib gələn iştirakçılara sertifikatlar təqdim olunub.