REGİONLAR
Ağbulaq Xizək Mərkəzi Küveyt mediasında
Naxçıvan, 4 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının səfalı guşələrindən olan Şahbuz rayonunun ərazisində yerləşən Ağbulaq Xizək Mərkəzindən AZƏRTAC-ın Naxçıvan bürosunun hazırladığı fotoreportaj Küveytin dasmannews.com internet saytında yayılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, fotoreportajda Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yaradılan möhtəşəm xizək mərkəzinin yerli sakinlərin və turistlərin istifadəsinə verildiyi vurğulanıb. Qeyd olunub ki, Ağbulaq Xizək Mərkəzi dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşir. Təqdim olunan bir-birindən maraqlı 25 şəkildən ibarət fotoreportaj Küveyt oxucuları tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə Küveyt Elektron Media Birliyi İdarə Heyətinin sədri Feysəl Xəlifə əs-Savağ arasında fevralın 27-də keçirilən görüşdə tərəflər arasında əməkdaşlığın gücləndirilməsi məsələsi müzakirə olunub. AZƏRTAC-ın Naxçıvan bürosunun Ağbulaq Xizək Mərkəzi ilə bağlı hazırladığı fotoreportaj da Küveyt Elektron Media Birliyinin dəstəyi ilə ölkənin elektron mediasında yayılıb.