REGİONLAR
Ağcabədi kümçüləri 37 tondan artıq barama tədarük ediblər
Ağcabədi, 27 iyun, AZƏRTAC
Ağcabədi rayonunda barama tədarükü başa çatıb. Kümçülərin yetişdirdikləri 37 min 145,8 kiloqram məhsul rayonda “Azəripək” MMC-nin nümayəndələri tərəfindən qəbul edilib. Bu göstəriciyə görə Ağcabədi respublikanın baramaçılıq rayonları sırasında qabaqcıl yerlərdən birini tutur.
Ağcabədi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, dövlətin baramaçılığın inkişafına diqqət göstərməsi, bir kiloqram baramanın qiymətinin subsidiya ilə birgə 9 manat olması rayon sakinlərinin bu sahəyə marağını artırıb. Rayon kümçüləri 2016-cı ildə 3675 kiloqram, 2017-ci ildə isə 16 min 761 kiloqram yaş barama istehsal edərək “Azəripək” MMC-yə təhvil veriblər. Bu il isə rayonun 41 yaşayış məntəqəsində 502 ailə tərəfindən 780 qutu (14 min 820 qram) ipəkqurdu toxumu yetişdirilib.
Qeyd edək ki, barama istehsalını artırmaq məqsədilə rayon ərazisində 2016-cı ildə 50 min ədədi Çin Xalq Respublikasından gətirilmiş, 23 min 700 ədədi isə yerli olmaqla, 73 min 700 ədəd, 2017-ci ildə isə ümumilikdə 135 min çəkil (tut) tingi əkilib.