REGİONLAR
Ağcabədi pambıqçıları məhsul istehsalına görə respublikanın qabaqcılları sırasında durmağı hədəfləyiblər
Ağcabədi, 10 iyul, AZƏRTAC
Ölkəmizdə aqrar sektorun ənənəvi sahəsi olan pambıqçılığın inkişafına göstərilən dövlət qayğısı Ağcabədi rayonunda torpaq sahiblərinin bu sahəyə marağını ildən-ilə artırır. Əgər ötən il Ağcabədi rayonu ərazisində 9550 hektarda pambıq əkilmişdirsə, bu il 10 min 50 hektar sahədə “ağ qızıl” becərilir. Rayonun iqlim şəraiti, sakinlərin pambıqçılıq sahəsində təcrübəsi pambıq istehsalını artırmaq üçün stimul yaradır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, pambıqçılıqla məşğul olan fermerlər hazırda becərmə işlərini uğurla davam etdirirlər. Sahələrə göstərilən düzgün aqrotexniki qulluq nəticəsində yaxşı bitiş alınıb. Aqrotexniki tədbirlərin növbəti mərhələsi kimi kultivasiya və seyrəltmə işləri aparılıb, sahələrə azot gübrəsi verilib. Hazırda sovkaya, mənənəyə və digər zərərvericilərə qarşı dərmanlama tədbirləri davam etdirilir. Rayonun bir sıra kəndlərində pambıq sahələrinə ikinci suvarma suyunun verilməsinə başlanılıb. Bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilirlər. Ağcabədili “ağ qızıl” ustaları təsərrüfat ilini uğurla başa vurmaq, 25 min tondan artıq pambıq istehsal edərək, strateji məhsulun tədarükündə respublikanın qabaqcılları sırasında durmağı hədəfləyiblər.
Ağcabədi rayonunun Cəfərbəyli kəndinin sakinləri də pambıqçılığın inkişafı ilə bağlı təşəbbüslərə həvəslə qoşulublar. Rayonun digər yaşayış məntəqələrində olduğu kimi, bu kənddə də pambıq əkinləri ilbəil artır. Belə ki, əgər ötən il kəndin ərazisində 102 hektar sahədə pambıq əkilmişdirsə, bu il 170 hektarda ağ qızıl becərilir. Kənd sakini Vaqif Əliyev də bu il 6 hektar sahədə çiyid səpini həyata keçirib. Pambıqçılıq sahəsində xeyli təcrübəsi olan fermer yüksək məhsuldarlığa nail olmaq fikrindədir.
“Pambıqçılığın inkişaf etdirilməsi kənd sakinlərinə böyük töhfədir. Pambıqçılıq iş yerləri, yaxşı güzəran deməkdir. Lakin yaxşı gəlir götürmək üçün əkin sahələrində aqrotexniki tədbirləri düzgün, vaxtında və ardıcıl həyata keçirmək, yüksək məhsuldarlıq əldə etmək lazımdır. Odur ki, becərmə işlərini lazımi qaydada yerinə yetiririk. Hər hektardan orta hesabla 40 sentner pambıq götürməyi qarşıya məqsəd qoymuşam”, – deyə fermer bildirib.