REGİONLAR
Ağcabədidə 18 kilometrlik yol yenidən qurulub VİDEO
Bakı, 13 noyabr, AZƏRTAC
Ağcabədi rayonu ərazisində uzunluğu 18 kilometr olan yerli əhəmiyyətli Boyat-Biləyən-Hacılar-Qaraxanlı marşrutu üzrə yaşayış məntəqələrini əhatə edən avtomobil yolları yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, layihəyə uyğun olaraq yol bir-neçə marşrut üzrə V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilib. Bu, 4,2 kilometr Boyat, 4 kilometr Qaraxanlı və 3,1 kilometr uzunluğa malik Hacılar kəndlərinə gedən və kənlərin daxili avtomobil yolları, həmçinin Biləyən kəndinin 6,7 kilometr uzunluğa malik yoldur.
Yolboyu torpaq yatağının bərpası, 416 poqonmetr uzunluğunda müxtəlif diametrli dəmir-beton boruların quraşdırılması, eləcə də yol əsasının inşası, buna paralel olaraq isə yol əsası hazır olan ərazilərdə 6 metr hərəkət hissəsi nəzərə alınmaqla 100 min kvadratmetr sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Həmçinin yolboyu 5 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün 45 yol nişanlı və məlumatverici lövhə, 344 təhlükəsizlik dirəklərinin, yolun dərələrdən keçən hissələrində hər iki tərəfdən 610 poqonmetr əyrixətli tirlərin quraşdırılması və yolda xətlənmə işlərinin aparılması ilə müasir yol infrastrukturu yaradılıb.