REGİONLAR
Ağcabədidə “Əsgərlərimizin izi ilə açılan Zəfər yolu” adlı tədbir keçirilib
Ağcabədi, 17 oktyabr, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin təşkilatçılığı ilə 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Əsgərlərimizin izi ilə açılan Zəfər yolu” adlı tədbir keçirilib. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin əməkdaşı, müharibə veteranları, qazilər, şəhid ailələrinin üzvləri, GTM Qarabağ ofisinin, Ağcabədi regional “ASAN xidmət” Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin könüllüləri iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. SSRİ-nin süqutu dövründə, yəni 1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni dönəmi - müstəqil inkişaf dövrü başlanıb.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi inkişaf siyasətinin uğurla davam etdirilməsi sayəsində Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Elə 44 günlük Vətən müharibəsi də bunun bariz nümunəsidir. 2020-ci il sentyabrın 27-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əks hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad etməklə, bütün dünyaya öz qüdrətini, öz müstəqilliyinin müdafiəçisi olduğunu bir daha nümayiş etdirdi.
Görüşdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, Qarabağ müharibəsi veteranı Mehman Novruzov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Ağcabədi filialının rəhbəri İsmayıl Məhərrəmov, Vətən müharibəsi qazisi İlqar Əmirov, hərbi jurnalist Daşqın Güneyli, şəhid Camal İbrahimovun bacısı Nüşabə İbrahimova, Qarabağ müharibəsi veteranı İslam Ağayev, GİKM Ağcabədi nümayəndəliyinin əməkdaşı Ləman Zeynalova 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin müstəqillik tariximizdə mühüm əhəmiyyətə malik olduğunu qeyd etməklə, bu böyük zəfərin əldə olunmasında bütün Azərbaycan xalqının bir yumruq ətrafında birləşdiyini xüsusi ilə diqqətə çatdırıblar.
Tədbirin sonunda “Əsgərlərimizin izi ilə açılan Zəfər yolu” adlı film nümayiş olunub.