REGİONLAR
Ağcabədidə “Breyn-rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib
Ağcabədi, 8 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Ağcabədidə məktəblilər arasında “Breyn-rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası rayon təşkilatı ilə gənclər və idman idarəsinin birgə keçirdiyi yarışda çıxış edənlər ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan, onun Azərbaycan gəncliyinin hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğıdan, gənclərin intellektual səviyyələrinin yüksəldilməsi və vətənpərvər ruhda tərbiyə olunması sahəsində görülən işlərdən danışıblar.
Çıxışlardan sonra yarış başlayıb. Daha yüksək bilik nümayiş etdirən Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyin komandası birinci, 8 nömrəli tam orta məktəbin komandası ikinci, 9 nömrəli tam orta məktəbin komandası üçüncü yerə layiq görülüb. Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıb.