REGİONLAR
Ağcabədidə II və III ixtisas qrupları üzrə qəbul imtahanları uğurla yekunlaşıb
Ağcabədi, 23 iyul, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də Ağcabədi şəhərində 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunlarının iştirakı ilə II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
TQDK-nın Ağcabədi regional bölməsinin müdiri Samir Əliyev AZƏRTAC-ın müxbirinə bildirib ki, Ağcabədi şəhərində keçirilən imtahanda bu rayondan, həmçinin Ağdam, Zərdab, Füzuli, Xocavənd, Beyləqan və Laçından olan 1261 abituriyent iştirak edib. Ağcabədi şəhər 3 nömrəli məktəb-liseydə, 8 və 11 nömrəli tam orta məktəblərdə keçirilən imtahanlar 10 imtahan rəhbəri və 120 nəzarətçi-müəllim tərəfindən idarə olunub. Təhlükəsizliyin təminatı məqsədilə imtahan keçirilən binalara polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunub. Saat 11:00-da başlayan imtahanlar təlimata uyğun aparılıb və vaxtında başa çatıb.
Qeyd edək ki, bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin ixtisas seçimi internet vasitəsilə iyulun 29-dan avqustun 10-dək aparılacaq.