REGİONLAR
Ağcabədidə “Mən bullinqə qarşıyam” adlı maarifləndirici tədbir keçirilib
Ağcabədi, 19 noyabr, AZƏRTAC
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən maliyyələşdirilən, Gənclər üçün Təhsil Mərkəzi (GTM) və UNİCEF-in birgə icra etdiyi “İnteqrasiya olunmuş sosial xidmətlər modeli” layihəsi çərçivəsində GTM Qarabağ ofisi, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurası və Ağcabədi rayon Polis Şöbəsinin birgə əməkdaşlığı ilə “Mən bullinqə qarşıyam” adlı maarifləndirici tədbirlərə start verilib.
Tədbirdə GTM Qarabağ ofisinin rəhbəri, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Telmanqızı, Ağcabədi rayon Polis Şöbəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi Tural Məlikov, Polis Şöbəsinin təşkilati inspektor qrupunun baş inspektoru İlqar Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının əməkdaşı Tahir Kərimli, yeniyetmələr, valideynlər və sosial işçilər iştirak edib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə çıxış edən GTM Qarabağ ofisinin rəhbəri, YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Telmanqızı bildirib ki, son zamanlar dünyanın bütün ölkələrində təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda yer almış bullinqdir (uşaqların incidilməsinə səbəb olan ixtiyari və təkrar olaraq törədilmiş aqressiv davranış). Bütün uşaqlar gec-tez bullinqlə rastlaşırlar: ya qurban, ya incidilən şəxs və ya şahid kimi. Bütün bunlar uşağın şəxsiyyətinə dağıdıcı təsir göstərir.
Diqqətə çatdırılıb ki, çox zaman uşaqlar arasında baş verən konfliktlər böyüklər tərəfindən biganəliklə qarşılanır. Məktəb rəhbərliyi və ya valideynlər bu kimi konfliktlərin ciddi olmadığını, uşaqların bunları yaşayaraq böyüdüklərini və problemlərini özləri həll edə bilməyi, beləcə öyrəndiklərini düşünərək müdaxilə etməyin mənasız olduğunu hesab edirlər. Eyni zamanda bildirilib ki, Azərbaycanda bullinq əleyhinə heç bir qanun layihəsi işlənib hazırlanmayıb. Bullinq hallarının qarşısının alınması üçün bu sahədə geniş izah verə biləcək və profilaktika məqsədilə müəyyən proqramların yaradılmasını tələb edəcək qanun layihəsinin hazırlanması və tətbiq edilməsi məktəblərdə bullinqin qarşısının alınmasına ən böyük yardım göstərmiş olar. Bullinq şagirdlərin böyümə prosesində ən ciddi problem olub, dərin travma izləri buraxacaq davranışlardan biridir və onun qarşısının alınması məktəblərin və təhsil sisteminin qarşısında duran ən vacib məsələdir.
Tədbirdə iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb. Tədbir çərçivəsində UNİCEF və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış maarifləndirici materiallar paylanılıb.