CƏMİYYƏT
Ağcabədidə istedadlı və yaradıcı gənclərin toplantısı keçirilib
Bakı, 19 fevral, AZƏRTAC
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə istedadlı və yaradıcı gənclərin toplantısı keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, toplantıda Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qəmbərov çıxış edərək Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının ölkə həyatının bütün sahələrini əhatə edən, gənclərə istiqamət verən və onların inkişafına hesablanan mühüm sənəd olduğunu vurğulayıb. Bildirib ki, gənclər bu imkanlardan səmərəli istifadə etməli, ölkəmizin inkişafına töhfələrini verməlidirlər.
Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Rövşən Bayramov və digər çıxış edənlər də yaradıcı gənclərin potensiallarının üzə çıxarılması və onların inkişaf etdirilməsinin vacibliyindən danışıb, bu istiqamətdə atılmalı olan addımlardan söz açıblar.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, gənclərin rəy və təklifləri dinlənilib.