REGİONLAR
Ağcabədidə tədbir: “Narkomaniyaya yox deyək”
Ağcabədi, 10 avqust, AZƏRTAC
Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya irqindən, yaşından, dinindən asılı olmayaraq, bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biridir. Xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya sərhəd tanımayan, qlobal xarakter daşıyan qorxulu xəstəlik kimi hər bir insanı düşündürür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağcabədi rayon Heydər Əliyev Mərkəzində keçirilən “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbirdə səsləndirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin, “Aran” TV-nin, “Aran” qəzetinin, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının, Gənclərin İnkişaf Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının nümayəndələri iştirak ediblər.
Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva narkomaniyanın tarixindən danışaraq bildirib ki, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniyaya hələ eramızdan əvvəl yunan, Roma, ərəb alim və həkimlərinin əsərlərində rast gəlinir. Son zamanlar narkotik vasitə istifadəçilərinin artması ciddi narahatlıq doğurur.
R.Əliyeva ümummilli lider Heydər Əliyevin narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab etdiyini bildirib, Prezident İlham Əliyevin narkotik vasitələrin və narkomanlığın yayılması ilə mübarizə üzrə müxtəlif dövrlər üçün müvafiq sərəncamlar imzalanmasını bu sahədə daha böyük işlər görülməsi üçün zəmin yaratdığını vurğulayıb.
Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova, “Aran” TV-nin redaktoru Gündüz Nəcəfov, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları Lalə Həsənova, Ruhiyə Rüstəmova mövzu ətrafında çıxışlar edərək narkomaniyanın fəsadlarından danışıb, bu bəlanın qarşısının alınması istiqamətində təkliflər irəli sürüblər.