REGİONLAR
Ağdam Dövlət Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq
Ağdam, 13 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar plana əsasən, 2019-cu ildə Ağdam Dövlət Dram Teatrında dörd yeni tamaşa hazırlanacaq.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın direktoru Məhəmməd Hüseynov məlumat verib. Direktor bildirib ki, bu il teatrın səhnəsində Xanirə Röyanın "Cadu əməliyyatı", Ağalar İdrisoğlunun "Qonaq", Novruz Cəfərovun "Buna da şükür", Yan Saloviçin "Qəribə dilənçi" əsərləri tamaşaya qoyulacaq. Həmçinin Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşasının oynanılması nəzərdə tutulur.
Hazırda teatrda Xanirə Röyanın "Cadu əməliyyatı" tamaşasının son məşqləri gedir. Tamaşanın quruluşçu rejissoru Kərim Həsənli, quruluşçu rəssamı Müşfiq Qarayev, musiqi tərtibatçısı Elşən Cəfərovdur. Tamaşada əsas rollarda Afaq Əliyeva, Aidə Qasımova, Kərim Həsənli, Cəfər Bayramov, Xəyalə Xudadatova və başqaları çıxış edirlər. Tamaşa tezliklə teatrsevərlərə təqdim olunacaq.
Məhəmməd Hüseynov teatrın ötənilki fəaliyyəti ilə bağlı da məlumat verib. Bildirib ki, 2018-ci ildə teatrda Hüseynbala Mirələmovun "Xəcalət", Cəfər Cabbarlının "Aydın", Yusif Əzimzadənin "Nəsrəddin", Sahib İbrahimlinin "Cənnət və Cəhənnəm" əsərləri səhnələşdirilib. Teatr keçən il, həmçinin rayon ərazilərində yerləşən "N" saylı hərbi hissələrdə tamaşalar göstərib. 2018-ci ildə teatrın aktrisası Fəqumə Yusifova "Əməkdar artist" fəxri adına layiq görülüb.