REGİONLAR
Ağdam rayonunda 224 hektar sahədə təkrar əkin aparılıb
Ağdam, 6 avqust, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayonda becərilmiş 14 min 347 hektar taxıl sahəsində biçin başa çatıb. Zəmilərdən 57 min 480 ton məhsul, o cümlədən 49 min 270 ton buğda, 8210 ton arpa əldə edilib. Məhsul istehsalı keçən ilin müvafiq dövründəkindən 1950 ton və ya 3,5 faiz, məhsuldarlıq isə 1,7 sentner və ya 4,4 faiz çoxdur.
Ağdamlı fermerlər və torpaq mülkiyyətçiləri, həmçinin 4 min 105 hektar tərəvəz, bostan, kökümeyvəlilər və köküyumrular sahəsinin 1994 hektarında yığım apararaq, 38 min 64 ton məhsul toplayıblar. Məhsulun 191 tonunu yaşıl lobya, 525 tonu kələm, 1296 tonu qarpız, 329 tonu qovun, yemiş, 642 tonu bibər, 2788,8 tonu xiyar, 936,5 tonu badımcan, 5146,9 tonu pomidor ,146 tonu sarımsaq, 20 min 478 tonu baş soğan, 5545 tonu kartof, 39,8 tonu digər tərəvəzlərdir. Bununla yanaşı, rayonda 352 ton meyvə istehsal olunub.
Ağdamda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir. Avqustun 1-dək 224 hektar sahədə təkrar əkin aparılıb ki, bunun da 195 hektarını yem bitkiləri, 29 hektarını tərəvəz təşkil edir.