CƏMİYYƏT
Ağdam rayonunda top mərmisi aşkarlanıb
Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də saat 13:48-də Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonunun Üçoğlan kəndində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və DİN-in Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları ərazidə əkin sahəsinə baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 122 millimetrlik top mərmisi (OF-56) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərminin ətrafında 1000 kvadratmetr əraziyə yerüstü, 150 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.