CƏMİYYƏT
Ağdam rayonunun Əfətli kəndində Ermənistan istehsalı olan piyada əleyhinə mina aşkarlanıb
Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 10-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonunun Əfətli kəndində bir ədəd minanın tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Qurumun mütəxəssisləri tərəfindən həmin ərazidə Qarqar çayının sahilində əkin sahəsinə baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 2015-ci il Ermənistan Respublikası istehsalı olan piyada əleyhinə bir mina (PMN-Э) aşkar edilib. Həmin sursatın daşınması mümkün olmadığına görə noyabrın 11-də partladılaraq zərərsizləşdirilib. Minanın tapıldığı əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Agentlik tərəfindən yanvarın 1-dən noyabrın 11-dək, ümumilikdə, 7512 partlamamış hərbi sursat, tank əleyhinə 202 mina və piyada əleyhinə 33 mina aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 4 milyon 747 min 627 kvadratmetr ərazi yoxlanılıb.