REGİONLAR


Ağdam sakini: Doğulub boya-başa çatdığım doğma şəhərimə qayıtdığım üçün xoşbəxtəm

Ağdam, 27 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdamın işğaldan azad edilməsi ilə ağdamlıların dini-imanı özünə qayıtdı. Ağdam bizim üçün Məkkədir, Mədinədir, qibləgahdır. 30 ilə yaxın dövr ərzində həsrətdən hər birimizin qəlbində qala qurulmuşdu. Bu gün bu həsrət sona çatıb. Doğulub boya-başa çatdığım doğma şəhərimə qayıtdığım üçün xoşbəxtəm.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Ağdam şəhərinə səfər etmiş rayon sakini Salman Babayev söyləyib.

O deyib: “Vətən müharibəsində ordumuz düşmən üzərində qalib gəlməklə təkcə işğal altında olan torpaqlarımızı deyil, həm də bizim şərəfimizi, qürurumuzu geri qaytardı. Biz bu qələbəyə Prezidentimizin qətiyyəti, xalqımızın birliyi, ordumuzun gücü sayəsində nail olduq.Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 gün ərzində həm ön cəbhədə, həm siyasət meydanında, həm də informasiya müharibəsində axıra qədər döyüşdü və qalib komandan kimi qələbəyə imza atdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Belə bir ifadə var - torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur. Bizim torpaqlarımız şəhidlərimizin qanı ilə suvarılaraq daha da müqəddəsləşdi”.

Salman Babayev Ağdamda qarşılaşdığı vəhşiliklərdən dəhşətə gəldiyini bildirib: "Düşmənlər Ağdamı tamamilə dağıdıb, yerlə-yeksan edib. Yaşıllıqlar da məhv edilib. Məscidimiz təhqir olunub. Biz Şəhidlər xiyabanındayıq. Baxın, şəhid məzarları da qazılıb. Burada həm Birinci Qarabağ müharibəsində şəhid olanlar, həm də Xocalı soyqırımı zamanı qətlə yetirilən dinc sakinlər dəfn edilmişdi. Bura baxanda insan dəhşətə gəlir. Görün biz necə vəhşi düşmənə qalib gəlmişik. Artıq 30 ilə yaxın narahat olan şəhid ruhları da şaddır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.