REGİONLAR
Ağdamda “Murov qartalı” kitabının təqdimatı olub
Ağdam, 25 may, AZƏRTAC
Ağdam rayonunun Quzanlı qəsəbəsində 2016-cı ilin aprel döyüşlərinin qəhrəmanlarından biri – şəhid polkovnik-leytenant Raquf Orucova həsr olunmuş “Murov qartalı” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon ictimaiyyəti nümayəndələrinin, Raquf Orucovun döyüş yoldaşlarının, ailə üzvlərinin və hərbçilərin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Baxşeyiş Hətəmli və şəhid polkovnikin döyüş dostları çıxış edərək, Raquf Orucovun keçdiyi şərəfli döyüş yolundan, uğurlu əməliyyatlarından, göstərdiyi qəhrəmanlıqdan söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.
Təqdimat mərasimində çıxış edən “Murov qartalı” kitabının müəllifləri Elşən Əliyev və Elxan Salahov Raquf Orucovun şərəfli döyüş yolundan bəhs edən kitabın ərsəyə gəlməsindən danışıblar. Bildirilib ki, nəşrdə, həmçinin şəhidin döyüş yoldaşlarının xatirələri, mətbuatda onun haqqında dərc olunmuş oçerklər də yer alıb.
Qeyd olunub ki, “Murov qartalı” kitabı aprel şəhidləri haqqında ilk irihəcmli nəşr kimi Raquf Orucovun döyüş yolu barədə oxucularda, xüsusilə də gənclərdə Vətən müdafiəçisinin tam və dolğun obrazını yaradır.
Qəhrəmanın qardaşı Zabil Orucov və həyat yoldaşı Sevinc Əlizadə onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Rayon məktəbliləri vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
Sonra polkovnik-leytenant Raquf Orucovun keçdiyi şərəfli ömür yolundan bəhs edən film nümayiş olunub.