REGİONLAR
Ağdamda “Nəsimi ili” çərçivəsində keçirilən ədəbi-bədii tədbir maraqla qarşılanıb
Ağdam, 27 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına və 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsinə müvafiq olaraq Ağdam rayonunda silsilə tədbirlər davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində keçirilən "Mübarizlik və kamillik zirvəsi" adlı musiqili ədəbi-bədii tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, təhsil və mədəniyyət işçiləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində açılan sərgi ilə tanış olublar.
Tədbirin aparıcıları İmadəddin Nəsiminin yaradıcılığından, dini-fəlsəfi görüşlərindən bəhs ediblər. Bildirilib ki, cismani ömrü Şamaxıdan başlayıb Hələbdə sona çatan İmadəddin Nəsiminin mənəvi ömrü, ruhu, ruhundan qopan əsərləri bütün dünyanı dolaşıb və bu gün də bizimlədir. Altı əsrdir ki, haqqı bəyan edə-edə iki dünyaya sığmayan Nəsimi ürəkləri fəth edir. Məhəbbət və gözəllik nümunəsi olan Nəsimi poeziyası oxuculara müdriklik aşılamaqla, onları mənən yüksəldir.
Ədəbi-bədii tədbirdə İmadəddin Nəsiminin qəzəlləri səsləndirilib, muğamlar ifa olunub. Təqdim olunan musiqi, şeir və səhnəciklər iştirakçılar tərəfindən maraqla qarşılanıb və yaddaqalan olub.
Sonda çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olduğunu bildirib. Prezident İlham Əliyevin mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının və 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsinin ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi olduğunu vurğulayıb.