REGİONLAR
Ağdamın işğal altında olmayan kəndlərində artilleriya atəşi nəticəsində təsərrüfatlara ziyan dəyib VİDEO
Ağdam, 4 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənistan silahlı qüvvələri noyabrın 4-də gecə və səhər saatlarında Ağdam rayonunun işğal altında olmayan yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, rayon ərazisinə 60-dan çox mərmi atılıb. Əsasən əkin sahələrinə düşən mərmilər sakinlərin təsərrüfatlarına ziyan vurub.
Müxbirimiz rayonun Böyükbəyli kəndinə gedərək sakinlərlə həmsöhbət olub. Kənd sakini Vüqar Quliyev deyib: "Kəndimiz bu gün səhər yenidən artilleriya atəşinə tutulub. Həmin vaxt sahədə qoyunları otarırdım. Mərmilərdən biri yaxınlıqda partladı. Nəticədə qoyunlardan ikisi öldü, ikisi yaralandı. Lakin bu məni məyus etmir. Əsas odur ki, işğal altında olan torpaqlarımız azad edilsin. Bu işi də ordumuz şərəflə yerinə yetirir. İnşallah bütün ərazilərimiz işğaldan azad olsun, qoyunlardan qurban kəsəcəyəm. Allah ordumuzu qorusun. Qələbə bizimdir".