REGİONLAR
Ağdaş kitabxanaları “Açıq kitabxana” layihəsinə qoşulub
Ağdaş, 9 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Ağdaş rayon Mərkəzi Kitabxana Sistemi (MKS) Mədəniyyət və Turizm Nazirliyinin və Milli Kitabxananın birgə təşəbbüsü ilə keçirilən “Açıq kitabxana” layihəsinə qoşularaq Heydər Əliyev parkında tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, “Açıq kitabxana” tədbirini rayon mədəniyyət və turizm şöbəsinin müdiri Tahir Əliyev açaraq yeni layihənin əhəmiyyətindən danışıb, belə tədbirlərin kitabxanalarda oxucu sayının artmasına stimul verəcəyini qeyd edib.
MKS-nın direktoru Seyfəddin Feyzullayev çıxış edərək, müasir dövrdə gənclərin mütaliədən və kitabdan uzaq düşməməsi üçün kitabxanaların daha məsuliyyətlə işləməli olduğunu, belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini nəzərə çatdırıb.
Sonra oxucular kitablarla tanış olublar.
Mərasimdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin kitabxana haqqında söylədikləri dəyərli fikirlərindən ibarət pannolar, kitab haqqında aqillərin sözləri və aforizmlər diqqəti cəlb edib. Rayonda ilk dəfə olaraq keçirilən bu tədbir təhsil və mədəniyyət işçilərinin rayon ziyalılarının və ağsaqqalların, gənclərin böyük marağına səbəb olub.
Tədbirdə 30-a yaxın yeni oxucu kitabxanaya üzv yazılıb. Layihə çərçivəsində 13 və 68 saylı şəhər filial kitabxanaları və Maşad, Şıxlı kənd kitabxanaları da tədbirlər keçiriblər.
Oxucu sayının artırılması üçün rayonda belə tədbirlərin davam etdiriləcəyi bildirilib.