REGİONLAR
Ağdaşda 3 məktəb distant təhsilə keçib
Ağdaş, 24 aprel, AZƏRTAC
Ağdaşda daha üç orta məktəb distant təhsilə keçib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda Bəkir Nəbiyev adına şəhər 3 saylı, Pərviz Babayev adına 7 saylı tam orta məktəblərdə və ən böyük təhsil müəssisəsi olan Maqsud Şeyxzadə adına təbiət təmayüllü humanitar gimnaziyada müəllim və şagirdlərdən bir neçəsinin COVID-19 testinin cavabı pozitiv çıxdığı üçün Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bu gündən etibarən dərslərin distant təhsilə keçirilməsinə qərar verilib. Bununla əlaqədar dərhal məktəb rəhbəliyi, şagird və valideynlər xəbərdar edilib.
Bu gün səhər saatlarından etibarən Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən məktəblərin girişi, binadakı bütün otaqlar, idman zalları dezinfeksiya olunub.
Qeyd edək ki, 2020-2021-ci tədris ilində rayon üzrə təhsil müəssisələrində bu günə kimi 60 nəfərə yaxın şagirddə və 30-dan çox müəllimdə COVID-19 virusu aşkarlanıb.