REGİONLAR
Ağdaşda çəltik biçininə başlanılıb
Ağdaş, 31 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Ağdaş rayonunda çəltik yığımına başlanılıb. Bu il Ağdaşın 13 kəndində 87 fermer ümumilikdə 1282 hektar sahədə çəltik yetişdirib. Çəltik biçildikdən sonra rayondakı 8 düyü dəyirmanında emal olunur və keyfiyyətli düyü əldə edilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu il Ağdaşda ən çox çəltik Qaradağlı kəndində əkilib. Həmin kənddə fermerlər 150 hektar sahədə çəltik yetişdiriblər. Kəndlilər çəltik sahəsinin hər hektarından orta hesabla 35 sentner məhsul götürürlər. Torpaq mülkiyyətçiləri yüksək keyfiyyəti ilə tanınan Ağdaş düyüsünü satmaqda heç bir problemlə qarşılaşmırlar. Ağdaş düyüsü hələ bazara çıxarılmamış, elə dəyirmanda kiloqramı 1 manata satılır.
Mütəxəssislərin sözlərinə görə, Ağdaşda çəltikçiliyin inkişaf etdirilməsi həm əhalinin dolanışıq səviyyəsinin yaxşılaşmasına müsbət təsir edir, həm də çəltik əkilib-becərilən torpaqlarda şoranlaşmanın qarşısı alınır. Çəltikçiliklə məşğul olan kəndlilər hər hektara görə dövlətdən 80 manat yardım alırlar. Düyü istehsalından yaxşı qazanc götürən fermerlər ildən-ilə daha çox çəltik əkirlər.