REGİONLAR
Ağdaşda pambıqçılıq, çəltikçilik, baramaçılıq və tərəvəzçilik inkişaf etdirilir
Ağdaş, 14 avqust, AZƏRTAC
Ağdaş rayonunda pambıqçılıq, baramaçılıq, çəltikçilik və tərəvəzçilik ənənələrinin bərpası üçün görülən işlər uğurla davam etdirilir.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Ağdaşda pambıqçılığın inkişaf etdirilməsində yüksək nəticələrin əldə olunması üçün zəngin təcrübə və imkanlar var. Hələ 1981-ci ildə Ağdaşda 10 min 200 hektar sahədən 35 min ton pambıq yığılmışdı. Bu, rayonun pambıqçılıq tarixində rekord göstərici sayılır. Sonradan bu sahəyə marağın azalması səbəbindən pambıqçılıq arxa plana keçib. Bu sahənin inkişaf etdirilməsi istiqamətində Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr, göstərdiyi hərtərəfli kömək artıq öz bəhrəsini verməkdədir. Ağdaşda ötən illə müqayisədə cari ildə pambıq əkininin dəfələrlə artması bu gəlirli sahənin geniş perspektivlərindən xəbər verir. Belə ki, ötən il Ağdaş rayonunda 30 hektar sahədə pambıq əkini aparılmışdı. Bu il isə kəndlərdə 1154 hektar ərazidə çiyid səpini aparılıb və sahələrdə normal bitiş alınıb. Bu da əvvəlki ildəkindən 1124 hektar, yəni, 38 dəfə çoxdur. Tarlalarda yüksək məhsul götürmək üçün hazırda fermerlər pambıq sahələrinə aqrotexniki qulluq göstərirlər.
Həmçinin bu il rayonda ənənəvi sahələrdən olan baramaçılığın inkişafı üçün kəndlərdə insanlar arasında geniş izahat işləri aparılıb. Qax Damazlıq İpəkçilik Stansiyasından 50 qutu toxum gətirilərək Ağdaşda kümçülərə paylanılıb. İlk addım olaraq, bu mövsümdə gözlənilən 1 ton barama əvəzinə, 2 ton məhsul tədarük olunaraq "Şəki İpək" ASC-yə təhvil verilib. Ayrı-ayrı ailələr baramaçılıqdan 5-6 həftə ərzində 1000-1500 manat qazanc əldə ediblər. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi, 45 gün ərzində insanlar dövlətin dəstəyi ilə halal pul qazanıblar. Bu nəticələr Ağdaş rayonunda gələn il baramaçılığı bir neçə dəfə inkişaf etdirmək üçün yüksək stimul yaradıb.
Ağdaşda çəltikçiliyin inkişaf etdirilməsi üçün də əlverişli imkan var. Bu il 1282 hektarda düyü əkilib və hazırda sahələrə aqrotexniki qulluq göstərilir, bol məhsul gözlənilir. Kəndlərdə ənənəvi məşğulluq sahələrinin dirçəldilməsi işsizliyin aradan qaldırılmasına da önəmli kömək olub, bu mövsümdə 3 mindən çox kənd sakini haqqı ödənilən işlə təmin olunub.
Rayonda taxılçılıq və tərəvəzçiliyin inkişaf etdirilməsi də diqqət mərkəzindədir. Bu il 11 min 73 hektar taxıl zəmisindən 34 min ton taxıl istehsal olunub. Bu il 6 min 543 hektar sahədə yazlıq bitkilər, o cümlədən 768 hektar tərəvəz, 452 hektar dən qarğıdalı, 240 hektar kartof, 253 hektar bostan, 1311 hektar çəltik, 114 hektar lobya, 3 hektar vələmir, 26 hektar şəkər çuğunduru, 1 hektar günəbaxan və 2221 hektar yonca əkini aparılıb. İndiyədək 15 min 685 ton tərəvəz, 2 min 328 ton kartof, 931 ton bostan məhsulları yığılıb. Faraş tərəvəzçiliklə məşğul olan kəndli fermerlər rayon ərazisində 7 hektar sahədə pomidor və xiyar istixanası yaradıb və hazırda bol məhsul götürülür. İlin sonunadək 10 hektar sahədə yeni istixana yaradılması nəzərdə tutulur.