REGİONLAR
Ağdaşın Yenicə kəndinin məktəbliləri gələn dərs ilini yeni tədris ocağında qarşılayacaqlar
Ağdaş, 11 dekabr, AZƏRTAC
Ağdaş rayonunun Yenicə kəndində tam orta məktəb üçün 440 şagird yerlik yeni bina inşa edilir. Tədris ocağı Heydər Əliyev Fondu tərəfindən tikilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, binanın bünövrə işləri artıq başa çatdırılıb. Yeni təhsil ocağı müasir arxitektura üslubunda inşa edilir. Bina ikimərtəbəli olacaq və burada təhsilin yüksək səviyyədə təşkili üçün bütün lazımi şərait yaradılacaq. Əsas binada sinif otaqları, fənn kabinələri, laboratoriya və kompüter otağı ilə yanaşı, geniş idman zalı da olacaq. Tədris korpusu kombi sistemi ilə qızdırılacaq. Məktəbin həyətində idman meydançası da qurulacaq.
Yeni təhsil ocağının gələn ilin sentyabrınadək istifadəyə verilməsi nəzərdə tutulub. Təzə məktəb binasında işlər qurtardıqdan sonra köhnə bina söküləcək, yerində yaşıllıqlar salınacaq.