ELM VƏ TƏHSİL
Ağır neft məhsullarının və qalıqlarının emalı aktual məsələdir
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri Sumqayıtda ağır neftin emalı üzrə səmərəli texnoloji proseslə tanış olublar.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru, akademik Vaqif Abbasov, kimya elmləri doktoru İsmayıl İsmayılov, Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru Nazim Şükürov və bu müəssisənin rəhbər əməkdaşları, YT Parkın rezidentliyinə iddiaçılar - “Tural-110” MMC-nin direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru Vaqif Mirzəyev və “İnkor” MMC-nin direktoru Vüqar Fərəcovdan ibarət nümayəndə heyəti Sumqayıt şəhərində ağır neftin emalı üzrə səmərəli texnoloji proses və mühəndis qurğusu ilə tanış olublar.
Qeyd olunub ki, ağır neft məhsullarının və qalıqlarının emalı hazırda aktual məsələlərdəndir. Son illər Azərbaycan alimlərinin və mühəndislərinin iştirakı ilə Albaniya, Əfqanıstan və Qazaxıstanda ağır neftin emalı üzrə işlər həyata keçirilib, innovativ layihələr sənayeləşdirilərək sahiblərinə təhvil verilib.
Xatırladılıb ki, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa 2018-ci ilin sentyabr ayında YT Parkda olub, ağır neftin emalı, sənaye, mühərrik və sürtkü yağları barədə istehsal sahələrinin Azərbaycan alimlərinin iştirakı ilə Monqolustanda yaradılmasını təklif edib. AMEA prezidenti, akademik Akif Əlizadənin göstərişinə əsasən bu işlərin həyata keçirilməsi ilə bağlı imkanlar təhlil olunub və gələcəkdə kommersiyalaşdırılması nəzərdə tutulan bu layihənin işçi heyəti müəyyənləşdirilib. Bu işlərin həyata keçirilməsi ilə bağlı fevralın 8-də NKPİ-də keçirilmiş görüş zamanı müvafiq lisenziya və patentlər, faydalı model və sənaye üslubu və təcrübələrin mövcudluğu müəyyən edilib.
Görüş zamanı İranın paytaxtı Tehran yaxınlığındakı Şəhriyar şəhərində Vaqif Mirzəyevin və akademik Vaqif Abbasovun iştirakı ilə Avro 5 standartlarına uyğun benzinin alınması qurğusunun yaradıldığı barədə məlumat verilib. Eyni zamanda, NKPİ-də neftin emalının texniki-iqtisadi əsaslandırılması istiqamətində müvafiq strukturun mövcudluğu və katalizatorlar barədə danışılıb.