QAN YADDAŞI
Ağsaqqallar Şurasının üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər
Bakı, 25 fevral, AZƏRTAC
Xocalı soyqırımının 28-ci ildönümümü ilə əlaqədar fevralın 25-də Azərbaycan Ağsaqqallar Şurasının üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın tanınmış ziyalıları və ağsaqqalları abidənin önünə əklil və gül dəstələri qoyublar.
Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Xocalı faciəsinin müasir dünyada böyük soyqırımı olduğunu bildirib. O qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı soyqırımı Azərbaycanın müstəqilliyi dövründə, Azərbaycan tarixində ən ağrılı, faciəvi günlərdən biridir. Ermənistan silahlı qüvvələrinin törətdiyi bu faciə xalqımıza qarşı yönələn düşmənçilik münasibətlərinin ən dəhşətli nümunələrindəndir. İyirmi səkkiz il ötməsinə baxmayaraq, bu gün də xalqımız həmin faciəni, bu soyqırımı zamanı həlak olanların xatirəsini kədərlə xatırlayır. Gənclərimiz də bu soyqırımını unutmamalıdırlar.
Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu faciəyə siyasi-hüquqi qiymət verdi. Ümummilli Lider Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olması üçün çox böyük işlər gördü, ölkənin gələcək inkişaf yolunu hazırladı. Bu yol Heydər Əliyev yoludur. Hazırda bu yol Ulu Öndərin davamçısı olan və bu gün Azərbaycanı dünyada tanıdaraq inkişaf edən bir respublikaya çevirmiş Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Eyni zamanda, Prezident İlham Əliyev Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı mühüm işlər görür.
Qeyd edək ki, Xocalıya edilmiş hücum nəticəsində bir gecədə şəhər yerlə yeksan edilib, dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib. Soyqırımını törədən erməni terrorçuları uşaq və böyük demədən hər kəsi xüsusi amansızlıqla qətlə yetiriblər. Orada ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən dinc insanların tək günahı azərbaycanlı və müsəlman olmaları idi. Bu səbəbdən Xocalı soyqırımı yalnız azərbaycanlılara deyil, bütün müsəlman dünyasına, eyni zamanda, insanlığa qarşı törədilmiş bəşəri cinayətdir.